Milli mətbəxin daha bir incisi: SƏBZİ PLOV!

24 Dekabr 2016 11:07

Plovlar içində xüsusi yeri olan Səbzi plov çox dadlı olur. Bol göyərtili, vitaminli, turşməzə, dadlı yemək… Hətta çox plov yeməyi sevməyən adam belə bu yeməyə yox deyə bilməz! Gəlin axşam süfrəsi üçün milli mətbəximizin ən gözəl yeməklərindən birini hazırlayıb, işdən, dərsdən yorğun gələn ailə üzvlərimizi SƏBZİ PLOVUN ətri, dadı ilə dincəldək! Qovurmasını düyüsüz, çörək, qatıqla da yemək olar.

Ərzaqlar:
Düyü – 1 kq.
Qoyun əti – 1 kq.
Baş soğan – 4 ədəd
Kərə yağı – 400 qr. (istəkdən asılı olaraq, yağı az da vura bilərsiniz)
Göyərtilər (hərəsindən 1 dəstə)
Keşniş
Şüyüd
Tərxun
Sarımsaq
Kəvər
İspanaq
Turşəng
Reyhan
Göy soğan və s.
Duz
Zəfəran – 2-3 sap
İstiot

Qazmaq üçün:

Un – 1 st.
Qatıq – 2 x.q.
Bitki yağı – 2 x.q.
Duz – bir çimdik
Soda – 0,5 ç.q.

Hazırlanması:
Əvvəlcə düyü ilıq suda islağa qoyulur. Gecədən səhərə kimi qoyulsa, daha yaxşıdır. Qoyun ətini kub formasında doğrayırıq. Yuyub, qazana tökürük, üzərinə su alırıq və bir baş soğanı da soyub bütov halda qazana atırıq ki, ətin qoxusunu soğan özünə çəksin. Kəfi yığırıq. Bişənə kimi qaynadırıq. Sona yaxın ətə duz vururuq və oddan götürürük. Soğanı atırıq, bulyonunu süzüb bir kənara qoyuruq.

loading...

Göyərtiləri yaxşıca yuyuruq və xırda-xırda doğrayırıq. Baş soğanları xırda-xırda doğrayırıq. Qazanda yağda qızardırıq. Pörtüləndən sonra bu ətləri içinə tökürük, qarışdırırıq. Üzərinə zövqə görə yarım dənə limonun şirəsini tökə, dəmlənmiş zəfəranı əlavə edə bilərik. Duz-istiotunu da vururuq və xırda doğranmış göyərtiləri qazana əlavə edirik, üzərinə yarım stəkan bulyon tökürük və yaxşıca qarışdırırıq, qapağını bağlayırıq ki, 15 dəqiqə vam odda dadları bir-birinə çıxana kimi bişsin.

Qazmağı hazırlayırıq: unu ələyirik, içinə bir çimdik duz tökürük. Qatığa 0,5 ç.q. soda əlavə edirik və qarışdırırıq. Unun üzərinə tökürük. Bitki yağını da əlavə edib, xəmir yoğururuq və üzərini bağlayıb, bir kənara qoyuruq.

Düyünü adi qaydada – islaqdan çıxarıb, suyu şəffaf olana kimi yuyuruq, qaynayan, duzlanmış suda bişiririk. Yumşalan kimi süzürük. Dəmə qoyacağımız qazanın dibini yağlayırıq. Qazmağı oxlov vasitəsilə yayırıq və qazanın dibinə səririk. Düyünü qazana yığırıq. Üzərinə dəmlənmiş zəfəran gəzdiririk, kərə yağ parçalarını qoyuruq, qapağını bağlayıb, dəmə qoyuruq. 40-45 dəqiqə dəm almalıdır. Sonra buluda çəkirik, qazmaqla bəzəyirik. Qovurmanı isə bir dəri boşqaba çəkib, düyünün yanında süfrəyə veririk! Nuş olsun!

Oxunma sayı: (2)

Loading...
Loading...
loading...