Uşaq dalaşmaları və onlarla mübarizə üsulları

06 Yanvar 2017 13:24

Aqressiyaya aqressiya ilə cavab vermək nə böyüklər, nə də kiçiklər üçün çıxış yolu deyil. Biz bu məqalədə yalnız kiçik yaşlı uşaqların üzləşdiyi problemlərə toxunmaq ustəyirik. Məktəbəqədər kiçik uşaqların uşaq bağçası, oyun parkı və s. kimi yerlərdə toplaşarkən aralarında konflikt yaranmasının çoxumuz şahidi olmuşuq. Təcrübəli tərbiyəçilər belə hallarda vəziyyətə uyğun davranırlar. Qəribə səslənsə də, hərdən tərbiyəçi konflikti başlanğıcda söndürmür, imkan verir ki, uşaqlar onu müəyyən mərhələyə qədər çatdırsınlar. Yalnız bundan sonra işə qarışır. 
     Bəzən isə tərbiyəçi səbrlə konfliktin tam yetişməsini gözləyir. Çünki uşaq kollektivlərinin özünəməxsus istiqaməti, seçimi, təsirləri, dostluq və düşmənçilikləri olur. Uşaq kollektivlərinin həm də öz barışdırıcı liderləri olur. Bəli! 5-6 yaşı olan bu barışdırıcı mürəkkəb konfliktdən elə bir çıxış yolu tapar ki, böyük insanlar həsəd aparar. 
     Kiçik yaşlı uşaqların mübahisəsini həll etməyin ən yaxşı yolu onların fikrini yayındırmaq və başqa məqsədə yönəltməkdir. Amma hər şeydən əvvəl təcrübəli tərbiyəçi nə etməlidir? O, əvvəlcə zərərçəkmiş və yaxud özünü zərərçəkmiş kimi hesab edən tərəfi sakitləşdirməlidir. Bundan sonra mübahisənin nədən qaynaqlandığını ayırd etməlidir. Bu mərhələdə heç kəsi günahlandırmaq olmaz. Sonra tərəflərə başqa məşğuliyyət tapmaq və tədriclə onları barışdırmağa çalışmaq lazımdır.

 

Uşaq dalaşmaları və onlarla mübarizə üsulları
loading...


     Bir üsul da var ki, bir qədər səbr tələb edir: sakitcə onların sakitləşəcəyi vaxta qədər gözləmək.
     Uşaqların mübahisələrinin həllində ən yaxşı üsul isə onlara bir-biri ilə mehriban, anlayışlı davranmaq mədəniyyətinin aşılanmasıdır.
     Bir gözəl üsul da var ki, demək olar ki, bütün barışdırıcı hallarda təsirli olur. Uşaqlara əl-ələ tutmağı (çeçələ barmaqlarını da bir-birinə keçirə bilərlər) və bu şeirlərdən birini oxumağı təklif edin:
      

    1. Barış, barış
     Sakitləşməyə çalış
     Dava salsan əgər
     Əlim işə düşər
     Sonra hərə bir daş
     Atarıq başa-baş
     Nəyə lazım bunlar
     Pislik pisdə qalar
     Gəl sənlə barışaq 
     Barışıb dostlaşaq
     
     
     2. Ağ daş, qara daş.
     Oldum sənə yoldaş
     Ba-rış-dıq.
     
     Bu üsulla uşaqları asanlıqla barışdırmaq olar. Kaş ki, böyükləri barışdırarkən də belə üsullar təsirli olaydı!

Oxunma sayı: (1)

Loading...
loading...