“Ərim mənimlə maraqlanmır, nə edim?”

10 Yanvar 2017 22:55

Hər bir kişi ailəsinin onun üzərində olan haqlarını yerinə yetirməlidir və bununla bağlı Allahdan qorxmalıdır. Çünki Qiyamət günü hər kəs öz ailəsi haqqında məsuliyyət daşıdığına görə sorğu-sual olunacaq. Uca Allah buyurur: “…Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun”. (ən-Nisə, 19).
Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz”. (əl-Buxari, 2554; Muslim, 1829). Qadının kişi üzərində olan haqlarından; kişi onunla xoş davranmalı, öz yediyindən onu yedirtməli, paltar və digər zəruri ehtiyaclarını ödəməli, vaxtaşırı yaxınlıq etməli, onun namusunu qorumalı və s. Həmçinin, kişi Allahın dinini öyrənib özü əməl etməli və ailəsinə də bunu öyrətməlidir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (ət-Təhrim, 6). Kişi ailə başçısı olduğu üçün bu ayə ilk növbədə ona aiddir. Əgər kişi öz qadınının yuxarıda sadaladığımız bu haqlardan birini və ya bir neçəsini yerinə yetirmirsə, böyük günah qazanır. Bu halda qadın nə etməlidir?
1. İlk növbədə qadın Uca Allaha çoxlu dua etməlidir ki, Allah ərini islah etsin. Çünki qəlblər Uca Allahın əlindədir. Duaların qəbul olunmasına səbəb olan əməllər (namaz qılmaq, sədəqə vermək, valideynlərə yaxşılıq etmək, Quran oxumaq və s. əməllər) etməlidir. Həmçinin, duaların qəbul olan vaxtlarında (gecənin son üçdə biri, namazda səcdə halında, yağış yağanda və s. vaxtlarda) daha çox dua etməlidir. Daha ətraflı: Dualarım qəbul olmur, nə edim?
2. Kişiyə həm qadın özü nəsihət etməli, həm də kişiyə sözü keçən adam vasitəsilə nəsihət olunmalıdır. Əbu Dərda (həyat yoldaşı) Ummu Dərdaya (Allah onlardan razı olsun) belə deyir: “Mən qəzəbləndikdə, məni razı sal, sən qəzəbləndikdə isə mən səni razı salım. Əgər biz bu cür olmasaq, necə də tez ayrıla bilərik!” (“Ravdatul-Uqaləə” əsəri, səh, 72). Ailə haqlarını yerinə yetirməmək dünyada müsibət və bəlalara, Axirətdə isə Cəhənnəm əzabına səbəb ola bilər. Çünki bu Uca Allaha və Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) asi olmaqdır. Uca Allah bu haqda buyurur: “…Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar”. (ən-Nur, 63). Əgər ər böyük günahlara yol verirsə, zina edir və içki içirsə, ona dünya və Axirətdə əzaba düçar olacağını nəsihət etmək lazımdır. Daha ətraflı:

loading...

Həmçinin, kişi qadının haqqına girdiyinə görə qul haqqı kimi böyük günahla yüklənmiş olur. Qul haqqını isə Uca Allah heç kimə, hətta şəhidlərə bağışlamır. Qul haqqı yalnız həmin adam öz haqqını halal etdikdən sonra bağışlana bilər. Daha ətraflı: Qul haqqı barədə
3. Qadının dini öyrənib ona əməl etməsi və əxlaqlı olması; Bu onun dualarının qəbul olmasına səbəbdir və ola bilsin ki, kişi onun əxlaqını gördükdə utansın, həya etsin, çəkinsin. Uca Allah buyurur: “İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et”. (ən-Nəhl, 125).
4. Ər üçün bəzənmək, gülərüzlü olmaq, acıdil olmamaq; Səbəblərdən biri də ola bilər ki, qadın əri üçün kifayət qədər bəzənmir, gülərüzlü olmur və s. Bu da ərin qadınla pis davranmasına səbəb olur və başqa qadınlara meyl etməsinə gətirirb çıxarır.
5. Ərə itaət etməyi Cənnəti qazanmaq üçün vasitə kimi görmək; Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: “Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol”- deyilər…”. (İmam Əhməd, 1661).
6. Səbirli olmaq və nemətcə özündən aşağı olanlara baxmaq; Hər bir halda istənilən bir müsibət bu dünyanın sınağıdır. Allahın sınaqlarına isə səibrli olmaq və dua etmək lazımdır. Uca Allah buyurur: “Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin!” (əl-Bəqərə, 45). Daha ətraflı:

7. Əgər cadu əlamətləri varsa və kiminsə sizə cadu etdiyini ehtimal edirsinizsə, o zaman evdə Quran səsləndirin, ibadətlərinizdə davamlı olun və cadudan qorunmaq üçün şəriətdə buyurulmuş vasitələrdən istifadə edin. Daha ətraflı: Cadudan necə qorunmaq olar?
8. Ərlə arvad arasında münaqişə böyüdükdə, hər iki tərəfdən ağsaqqallar yığışaraq onlara nəsihət edir və vəziyyəti düzətməyə çalışırlar. Əgər bu da fayda verməsə, qadın boşanma haqda düşünə bilər. Amma bunu ətraflı götür-qoy etməli və böyüklərlə məsləhətləşməlidir, çünki boşanmadan sonra nə edəcəyini düşünməlidir. Nəzərə almaq lazımdır ki, indiki dövrdə bir çox qadınlar ailə qurmaqda çətinlik çəkirlər. Ona görə boşanan qadın hətta ata evində olsa belə bir müddətdən sonra çətinlik çəkməyə və məzəmmət olunmağa başlayır.

Oxunma sayı: (2)

Loading...
loading...