ƏSL UKRAYNA BORŞU BELƏ BİŞİRİLİR!

28 Dekabr 2017 09:13

Kim deyər, əsl borşa nələr qatılmalıdır. Ukraynalılar borşa o qədər ərzaq qatırlar ki, gəl görəsən. Bəlkə ona görə onların borşu dillər əzbəridir?
Bəs sizin borşunuzda mütləq nə olur?

Borş – Ukrayna mətbəxinə aid olub, çox sevilən və populyar yeməklərdəndir. Düzdür, hazırda onun bir neçə cür resepti olsa da, biz sizə orijinal, qoca ukraynalı nənələrin bişirdiyi əsl resepti təqdim edirik.

Ərzaqlar:

Su – 2 litr
Mal əti – 1 kq. (ukraynalılar donuz ətindən istifadə edir)
Çuğundur – 1 ədəd
Kök – 1 ədəd
Ağ kələm – yarım dənə (balaca)
Qırmızı şirin bibər – 1 ədəd
Kartof – 4 ədəd
Qırmızı pomidor – 3 ədəd
Tomat pastası – 100 qr.
Xama – 50 qr.
Sarımsaq – 3-4 diş
Baş soğan – 1 ədəd
Dəfnə yarpağı – 2-3 ədəd
Piy və ya quyruq – 20 qr.
Şüyüd – 2-3 sap

Hazırlanması:

loading...

Əvvəlcə bulyonu hazırlayaq: Qazana 2 litr su tökürük, əti yaxşıca yuyub, doğrayıb qazana qoyuruq, 30-40 dəqiqə qaynatdıqdan sonra içinə duz, dəfnə yarpağı atırıq.Tərəvəzlər yuyulur, qabığı soyulur, çuğundur və kök uzun və nazik doğranılır, bulyona atılır.
Kartof xırda kub formasında, kələm uzun-uzun, bolqar bibəri və pomidor isə xırda doğranılır.
İndi borşa əsas dad verən sousunu hazırlayırıq: Baş soğanlar xırdalanır, tavada bitki yağında qızardılır. Sonra tavaya pomidorları tökürük, bir qədər qarışdırıb, qovurduqdan sonra 2 x.q. tomat pastası, 2 x.q. xama da əlavə edirik, qarışdırırıq, vam oda bişiririk. Üzərinə yarımşəffaf yağ çıxıbsa, o zaman bu narıncı-qırmızıya çalan sousumuz da hazırdır.
Biz bu sousu hazır edənə kimi qaynamaqda olan ət yumşalacaq, kök və çuğundur bişəcək və çuğundurun rəngi bulyonu qırmızı edəcək. Odur ki, qazana qalan ərzaqları tökməyin zamanıdır: kartofu əlavə etdik, 10 dəqiqə sonra kələm və bolqar bibəri töküləcək.
Bunlar da bişənə kimi biz əsl borşun “zapravkasını” hazırlayaq. Unutmayın ki, bunsuz borş borş sayılmaz!
“Zapravka” üçün şüyüdü xırdalayırıq, duzlu piyi xırda kublara bölürük. Sarımsaqlar əzilir. Bu ərzaqlar blenderdə həll edilir. Bir qədər duz da vurmaq olar.
Axır ki, əsl Ukrayna borşunu yekunlaşdırmaq üzrəyik: Qazana zövqdən asılı olaraq, duz və 1 x.q. şəkər tozu əlavə edib qarışdırırıq. Kələm və qırmızı bolqar bibərini tökürük. Əgər kartof yumşalıbsa, demək ki, borş hazırdır, son əlavələri etmək olar: tavadakı sousu qazana boşaldırıq. Daha 15 dəqiqə qaynadırıq. Odu söndürən kimi zapravkanı – piy, şüyüd və sarımsaq qarışığını yeməyə əlavə edirik, qarışdırırıq, qapağını örtürük. 5 dəqiqə sonra borş süfrəyə verilə bilər.

Oxunma sayı: (159)

Loading...
loading...


Oxşar xəbərlər