Uşaqlarda baş travmaları zamanı ilk yardım

30 Mart 2018 09:53

Kiçik yaşlı uşaqlarda ən çox təsadüf edilən travma – kəllə-beyin travmasıdır. Bunun da əsas səbəbi uşağın yıxılmasıdır. Balaca uşaqlar bələndikləri stoldan, divandan və s. hündürlüklərdən və əksər hallarda da başıaşağı olmaqla yıxılırlar.

Ona görə ki, əgər böyüklərdə baş, ümumi bədən uzunluğunun 1/8 hissəsini təşkil edirsə, uşaqlarda bu rəqəm ¼ hissəyə bərabər olur, yəni onların başı bədənlərinə nisbətən daha ağır olur. Bundan başqa, böyüklər yuxıldıqda reflektor olaraq başlarını qoruyurlar – əllərini qabağa verir və s. Uşaqlarda bu qoruyucu refleks formalaşmamış olur.

Əlbəttə ki, uşaqların yıxılmasının qarşısını hər vasitə ilə almaq lazımdır. Heç bir halda, hətta ən kiçik uşaqları da onları bələdiyiniz stolun üstündə, divanda nəzarətsiz qoymayın. Əgər sizə uşaq üçün digər otaqdan nə isə gətirmək, telefona cavab vermək, qapını açmaq və s. lazım olarsa, uşağı da mütləq özünüzlə aparın! Uşaqları uzun müddət ərzində otaqda tək qoymayın – onlar hər şeylə maraqlandıqları üçün stolun, stulun, şkafın və s. ev əşyalarının üstünə qalxmağı xoşlayırlar. Uşaqlarla gəzərkən də diqqətli olmaq lazımdır.

Əgər bütün bunlara baxmayaraq uşaq yıxılarsa, ilk növbədə onun vəziyyətinə diqqətlə nəzarət etmək tələb olunur.

loading...

Əgər uşaq yıxıldıqdan sonra dərhal qışqırıbsa, huşunu itirməyib, özünü adi halda olduğu kimi aparırsa və onun sağlamlığında heç bir dəyişiklik qeyd edilməzsə, uşağı sakitləşdirin, zədə olan nahiyəyə soyuq suda isladılmış əsgi və ya parçaya bükülmüş buz qoyun. Bu, ağrının azalmasına, toxumalarda şişkinliyin və qanaxmanın dayanmasına səbəb olur. Əgər qanaxma dayanmazsa, “təcili yardım” çağırmaq lazımdır!

Əgər yıxıldıqdan sonra uşaq huşunu itiribsə, uşaqda bəbəklərin genişlənməsi və ya daralması, bəbəklərin ölçülərinin müxtəlifliyi, baş ağrısı, əzginlik, başgicəllənmə, ona edilən müraciətə cavab verməməsi, yuxululuq, bənizinin avazıması, danışığında və ya hərəkətlərində pozğunluq, ürəkbulanması və ya qusma, burnundan və ya qulaqlarından qanaxma, rəngsiz və ya qan qarışıqlı mayenin xaric olması, gözlərin altında və ya qulaqların arxasında tünd (tünd göy) ləkələrin olması kimi əlamətlər müşahidə edilirsə, onu tez bir zamanda həkimə göstərmək lazımdır. Sadalanan bu əlamətlər beyin silkələnməsi və ya əzilməsinin əlamətləri ola bilər.

Əgər uşaqlarda başın travması yatmamışdan qabaq baş veribsə, azı 1 saat ərzində uşağı yatmağa qoymayın və ona diqqətlə nəzarət edin. Heç bir halda uşağa hər hansı sakitləşdirici və ya ağrıkəsici dərmanlar verməyin! Əgər uşaqda yuxarıda sadalanan əlamətlərdən hər hansı biri qeyd edilərsə, dərhal həkimə müraciət edin!

Oxunma sayı: (14)

Loading...
loading...


Oxşar xəbərlər