Uşaqlara banka qoymaq olar? – PEDİATRDAN VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

21 Aprel 2018 08:46

Xalq arasında tətbiq olunan alternativ tibbin ən populyarı banka qoymaqdır. Mübaliğəsiz demək olar ki, qədimdən bəri əksər xəstəliklərdə müalicə vasitəsi kimi banka və xardaldan istifadə olunur, əsasən də soyuqdəymə zamanı. Hesab olunur ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub. Həmin yeri həcəmət deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar. Qeyd edək ki, banka qoymağa daha çox yaşlı nəslin nümayəndələri üstünlük verir. Hətta azyaşlı uşaqlara da banka qoyurlar.

Bəs görəsən banka qoymaq həqiqətənmi faydalıdır? Azyaşlı uşaqlara banka qoymaq məqbuldurmu? Kimlərə banka qoymaq qətiyyən olmaz? Ailem.az bu suallara aydınlıq gətirməyə çalışıb.

Müasir tibb bankanı qəbul etmir

 

Həkim-pediatr Vaqif Qarayev deyir ki, müasir tibb banka və ya xardal kağızı qoymağı qəbul etmir: “Amma adət belədir ki, adi burun tutulmasında da, bel ağrısında da, topuğu ağrıyanda da banka qoyulur. Burada psixoloji inanmaq var. Əslində banka da, xardal da xalq təbabətinə aid olan bir şeydir”.

 

Mütəxəssis banka qoymağın tibbi izahını verərək bildirir ki, banka qoyanda yerli qan dövranı yaxşılaşır: “Banka dərini qıcıqlandırır və qan dövranını yaxşılaşdırır. Buna görə də əzələ, sinir ağrılarına kömək edə bilər. Amma bronxitlərə, pnevmoniyalara təsir edib sağaldacaq bir qüvvəyə malik deyil. Sadəcə dəriyə yüngül təsir edir. Amma ondan aşağıdakı nahiyələrə yox. O mənada tibdə təsdiq olunan fikir odur ki, bankadan da, xardaldan da istifadə etmək düzgün deyil. Amma bizdə hələ də bu vasitələrdən istifadə edirlər. Bu məsələdə məni ən çox narahat edən gənclərin bu xardala, bankaya meylli olmasıdır. Bu, qəbulolunmazdır. Bəzən baxırsan ki, boynundan büzdümünə qədər banka qoydurur. Tutaq ki, soyuqdəymə varsa, onu niyə bel nahiyəsinə qoyursan? Yaşlı nəsil də gəncləri banka qoymağa daha çox məcbur edir”.

 

2 yaşdan aşağı uşaqlara banka qoymaq olmaz

 

loading...

Həkim xəbərdarlıq edir ki, uşaqlara banka qoymaq qətiyyən olmaz: “Soyuqdəymənin kəskin vaxtı, yəni hərarətin yüksək vaxtı nə banka olar, nə də xardal. Bu, vəziyyəti daha da ağırlaşdıracaq. 2 yaşından aşağı uşaqlara isə ümumiyyətlə, banka qoymaq olmaz. O cümlədən bronxial astması, dərisində problem, allergik narahatlığı olan uşaqlara da qadağandır. Özünümüalicə üçün banka və xardaldan istifadə etmək istəyənlər bu olmazlara mütləq diqqət yetirməlidirlər. Çünki bu olmazlara baxmadan banka qoymaq uşaqlarda vəziyyətin pisləşməsinə, narahatlığa səbəb olur. Böyüklərdə isə ürəyində problem olan, qan təzyiqi yüksək insanlara banka qoymaq olmaz. Çünki vəziyyəti ağırlaşdıracaq”.

 

Çirklənmiş qan anlayışı yoxdur

 

Banka qoyulduqdan sonra onun yerinin çərtilməsinin hansısa faydasının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirən həkim bunu belə izah edir: “Banka qoyanda onun içərisində bir vakuum yaranır. Yəni təzyiqlər fərqi yaranır, dərini içinə doğru çəkir və həmin nahiyəyə çirklənmiş qan yığılır. Ona görə də çərtib təmizləyirlər. Sanki hansısa xəstəlik törədici qanı çirkləndirir və həmin üsulla onu çıxarırlar. Amma elmi baxımdan çirklənmiş qan anlayışı yoxdur. Bu üsul əsasən Türkiyədə xalq arasında çox populyardır. Amma təbabət bunu da qəbul etmir. Çünki onun heç bir tibbi izahı yoxdur”.

 

Dərini zədələməsinlər, yandırmasınlar…

 

Banka qoyarkən hansısa bölgələrin daha çox qaralması bankanın düzgün qoyulmamasının göstəricisidir deyə V. Qarayev məlumat verir: “Yəni bankanın düzgün qoyulmasının da çox böyük əhəmiyyəti var. Mən deyirəm, banka olmaz, qadağandır.  Amma buna baxmayaraq, banka qoydurmaq istəyənlər bilsinlər ki, düzgün qoymaq lazımdır. Dərini zədələməsinlər, yandırmasınlar və sair. Bir də, uşaqlardakı olmazlarla böyüklərdəki olmazları nəzərə alsınlar. Yoxsa xeyrindən çox ziyanı olacaq. Bütün bunlara baxmayaraq, bir daha deyirəm ki, böyüklər özləri bilərlər, amma uşaqlara banka qoymaq qətiyyən olmaz”.

 

Oxunma sayı: (71)

Loading...
loading...


Oxşar xəbərlər