• Sağlam Həyat
Hamiləlik zamanı qadın orqanizmində baş verən dəyişikliklər
loading...

Sinir və endokrin sistemləri. Hamiləlik zamanı sinir və endokrin sistemi orqanlarının fəaliyyətindəki dəyişikliklər hamiləliyin saxlanması və normal inkişafının təmin edilməsi, həmçinin hamilə qadın orqanizminin doğuşa hazırlanmasına xidmət edir.

 

Bu zaman ilk növbədə baş beyinin yarımkürələrinin qabıq qatında ləngimə prosesləri artmış olur. Buna görə də hamilə qadınlar sanki öz daxili aləminə qapılaraq, xarici mühitdəki qıcıqlara daha zəif emosinal hərəkətlərlə cavab verirlər. Onlarda dad və qoxu hissiyyatları dəyişir, yuxululuq, ürəkbulanma, qusma, başgicəllənmələrə meyllilik, qıcolmalar, ağız şirəsi ifrazının güclənməsi müşahidə olunur. Qıcolmalar kalsium mübadiləsini tənzimləyən qalxanvariyani vəzin fəaliyyətinin zəifləməsi nəticəsində baş verir. Həmən səbəbdən diş emalından kalsium elementinin yuyulması baş verir ki, bu da son nəticədə dişlərdə kariyesin artmasına gətirib çıxarır. Buna görə də hamilə qadın mütləq öz dişlərinin vəziyyətinə daim nəzarət etməli, qəbul etdiyi qidaların çeşidində, tərkibində daha çox kalsium olan məhsulların (süd məhsulları – əsasən kəsmik və s.) miqdarını artırmalıdır.

Ýrək-damar sistemi. Hamiləliklə əlaqədar olaraq qadın orqanizmində 2-ci əlavə qan dövranı (ciftin qan dövranı) əmələ gəlir, bu da ürək-qan damar sisteminin əlavə olaraq daha artıq yüklənməsinə səbəb olur. Ýrəyi xəstə olan qadınlarda isə hamiləlik daha çox narahatçılıq yaratdığı üçün onlar həkim nəzarətində olmalı və doğuşa xeyli qalmış doğum evinə yerləşdirilməlidirlər. Sağlam qadınlarda arterial təzyiq (AT) və nəbz tezliyi adətən dəyişməz qalır. Bəzən hamiləliyin 1-ci yarısında AT enmiş olur. Hamiləliyin əvvəlində artmış ola bilən AT doğuşa 2 ay qaldığı dövrdən etibarən təkrar olaraq arta bilər.

İnkişaf edən döl bədənin aşağı hissələrinə təzyiq edərək, aşağı ətraflarda damarların genişlənməsinə, kiçik çanaqda durğunluğa və bunun nəticəsi kimi hemorroyun (babasil) əmələ gəlməsinə səbəb ola bilər.

Qanın tərkibi. Hamiləlik zamanı qan-damar sistemində dövr edən qanın ümumi həcmi 35-45%, eritrositlərin (qan hüceyrələri) sayı isə 15-20% artmış olur. Eritrositlərin tərkibində ananın və dölün toxumalarına oksigeni daşıyan hemoqlobin vardır. Hemoqlobinin 110q/l-dən aşağı olması həkim tərəfindən narahatlıqla qəbul edilir.

Eritrositlərin çökmə sürəti (EÇS) müxtəlif patoloji proseslərə qarşı immun sistemindəki dəyişikliklərdən asılıdır. Hamiləliyin sonuna yaxın bu göstərici 20-30 mm/saata qədər yüksəlmiş olur ki, bu da normal göstərici kimi qəbul olunur (adi hallarda qadınlarda normada bu göstərici 5-10 mm/saat olur).

Hamiləliyin sonuna yaxın qanın laxtalanması da artmış olur ki, bu da doğuş zamanı qanaxmanın azalması üçün qadın orqanizminin özünü müdafiə reaksiyası kimi qiymətləndirilir. Bununla əlaqədar olaraq əmələ gələ biləntromboflebitin qarşısını almaq üçün bu dövrdə ayaqların damarlarına diqqəti artırmaq lazımdır. Xalq təbabətində damarların möhkəmləndirilməsi üçün ayaqlara alma sirkəsi sürtmək məsləhət görülür; həkimlər isə bu zaman müxtəlif vitaminlər və dəriyə sürtmək üçün müalicəvi gellər təyin edirlər.

Həzm və sidik ifrazı sistemləri. Hamiləlik vaxtı uşaqlığın ölçülərinin artması nəticəsində bağırsaqlar öz yerini yuxarı və yanlara olmaqla dəyişmiş olurlar ki, bu da qəbizliyin əmələ gəlməsinə, mədənin sıxılması isə gəyirməyə səbəb olur. Bu zaman dad və qoxu hissiyyatının dəyişməsi, bəzi qidalara qarşı ikrah hissinin yaranması, qeyri-adi maddələrin (gil, təbaşir və s.) qəbuluna meyllilik yaranır. Ölçüləri artmaqda olan uşaqlıq, həmçinin sidik kisəsinə də təzyiq edərək sidik ifrazının tezləşməsinə səbəb olur. Bu dövrdə böyrəklər xeyli artmış gərginlikdə fəaliyyət göstərsələr də, sidikdə zülal olmalı deyil (onun aşkar edilməsi toksikoz və ya piyelonefritin əmələ gəlməsinin göstəricisi ola bilər).

Maddələr mübadiləsi və bədən çəkisi. Hamiləlik dövründə maddələr mübadiləsinin sürətlənməsi qadının çəkisinin dəyişməsinə səbəb olur. Hamiləliyin 9 ayı ərzində qadının çəkisinin ümumi artımı normada 12 kq-dan artıq olmamalıdır. Hamiləliyin 1-ci yarısında çəki artımı 4 kq, 2-ci yarısında isə 8 kq təşkil edir. Çəkinin yuxarıda qeyd olunan göstəricilərdən artıq olması hamiləliyin sona çatdırılması və doğuş üçün təhlükəli hal kimi qiymətləndirilməlidir. Əksər hallarda bu, onlarda toksikozun (nefropatiyanın) inkişaf etməsi ilə əlaqədar olaraq toxumaarası sahəyə mayenin artıq yığılması nəticəsində meydana çıxır.

Hamiləlik dövründə normada 12 kq artmış olan çəki aşağıdakıların cəmindən ibarətdir:

– dölün çəkisi – 3 – 3,5 kq;

– ciftin çəkisi- 0,45 – 0,8 kq;

– dölyanı suların çəkisi – 0,9 – 1,5 kq;

– uşaqlığın çəkisi – 0,8 – 1 kq;

– qanın həcmi – 1,3 – 2 litr;

– toxuma mayesinin həcmi və süd vəzilərinin çəkisi – 4,5 kq.

Dəridəki dəyişikliklər. Hamiləlik dövründə bədən dərisinin bəzi sahələrində (üst dodaqda, burunda, alında, döş gilələrinin ətrafında, qarın dərisinin ağ xətti boyunca (qarınüstü nahiyyədən başlayaraq göbəkdən keçməklə qasıq sümüyünün ortasına qədər enən vertikal xətt) qəhvəyi rəngli piqment ləkələri əmələ gəlir. Dərisinin elastikliyi az olan qadınlarda hamiləliyin ikinci yarısında dəridə qırmızımtıl-göy rəngli zolaqlar (gərilmələr, yəni striyalar) əmələ gəlir. Həkimlə məsləhətləşəndən sonra xüsusi kremlər istifadə edə bilərsiz ki, bu zolaqlar əmələ qəlməsin. Hamiləlik zamanı müxtəlif dezodorantlardan, isti su, xüsusən isti vannalardan istifadə etmək, uzun muddət günəş altında qalmaq da məsləhət görülmür.

Jinsi orqanlar. Hamiləlik zamanı qadının uşaqlığında xeyli dəyişikliklər baş verir. Uşaqlıq boynunun kanalı genişlənir, uşaqlığın selikli qişası yumşalır; bu zaman uşaqlığın selikli qişasının soruculuq qabiliyyəti də artmış olur ki, bu da cinsi yolla müxtəlif xəstəliklərə yoluxma ehtimalını xeyli artırır. Süd vəzilərinin ölçüləri və bərkliyi artır, gilələrin rəngi tündləşir, onlardan az miqdarda ilkin (yalançı) süd damcıları ifraz olunur.

Comments are closed.